Stars Will Fall

Bu gün dostlarımla Perseid meteor yağışını izlədik. Əslində hərəmiz fərqli yerlərdə idik, amma olsun. Eyni anda eyni səmaya baxmağın da bir yerdə baxmağa bərabər bir şey olduğunu düşünürəm. Əslində belə hadisələr hər baş verəndə kainatın sirlərinə və gözəlliyinə olan sonsuz heyrətim daha da artır. Ona görə də bu hadisənin daha dərinlərinə enmək və daha çox araşdırmaq qərarına gəldim.
Və bu gecə bu mənzərəni izləyərkən yenə mahnı dinləyirəm. ShamRain – Stars Will Fall.
“The sky is black
Like when the world ends,” she said.
— I really said that.
Və həmin anda başımı qaldırıb səmaya baxanda bu sözləri və mahnının musiqisini daha dərindən hiss etdim. Səmanın qaranlıqlarına uzun müddət baxdıqca daha yaxşı görməyə başlayırsan. Ətraf isə tamamilə sakitdir. Gecə saat 02:22–ni göstərir və burda heç bir işıq yanmır. Bir tərəfdən inanılmaz dərəcədə gözəl, digər tərəfdən isə qəribə şəkildə apokaliptik görünür.
"You know I've had my head tilted up to the stars for as long as I can remember.
Bəlkə də kainata baxanda məni ən çox heyrətləndirən şeylərdən biri budur: bəzən təsadüfən tapdığım bir mahnı, bir neçə saniyəlik meteor izi, qaranlıq bir səma və beynimə düşən qəribə fikir. Bunların hamısı bir–biri ilə qəribə bir vəhdət yaradır. Sanki sırf bu anda burda olmalıyammış kimi. Nəysə…

İndi isə baxaq görək, bu Perseid meteor yağışı nədir?
Meteor nədir?
Gecə səmaya baxanda bəzən bir işığın çox sürətlə göydən keçdiyini görürük. Çox vaxt buna “ulduz düşdü” deyirik. Uşaqlıqda bir çoxumuz bu düşən ulduza baxıb arzu tutur və onun gerçək olacağına inanırdıq. Amma əslində onun ulduzla heç bir əlaqəsi yoxdur. (Bunu balaca mənə desəm, məni döyərdi.) Bu hadisənin arxasında kosmosdan gələn kiçik hissəciklər dayanır.
Kosmosda Günəş ətrafında hərəkət edən çoxlu sayda kiçik daş və toz hissəcikləri var. Bu cisimlərə ümumi olaraq meteoroidlər deyilir. Belə bir hissəcik Yerə yaxınlaşaraq atmosferə daxil olduqda çox böyük sürətlə hərəkət edir. Atmosferdəki qazlarla qarşılıqlı təsir nəticəsində onun ətrafındakı qaz qızır və ionlaşır. Nəticədə gecə səmada qısa müddətli, parlaq bir işıq izi görürük. Məhz gördüyümüz bu işıq hadisəsinə meteor deyilir.
Burada kiçik, amma vacib bir fərq var. Kosmosda hərəkət edən hissəcik meteoroid, onun atmosferə daxil olarkən yaratdığı işıq hadisəsi meteor, əgər həmin cisim atmosferdən keçib Yer səthinə çatarsa, qalan hissə meteorit adlanır.Yəni əslində səmada gördüyümüz “düşən ulduz” ulduz deyil. O, atmosferə çox böyük sürətlə daxil olan kiçik bir kosmik hissəciyin yaratdığı işıqdır.
Bəs meteor yağışı necə yaranır?
Bir meteor görmək təsadüfi hadisə ola bilər. Amma müəyyən vaxtlarda bir gecə ərzində çoxlu sayda meteor görmək də mümkündür. Buna meteor yağışı deyilir. Kometlər Günəş ətrafında hərəkət edərkən öz orbitləri boyunca toz və kiçik hissəciklər buraxırlar. Zaman keçdikcə bu hissəciklər kometin orbitində geniş bir axın yaradır.
Meteor yağışlarının adətən müəyyən vaxtlarda təkrarlanmasının səbəbi də budur. Yer hər il Günəş ətrafında öz orbitində hərəkət etdiyi üçün müəyyən meteor axınlarının keçdiyi bölgələrdən yenidən keçir. Buna görə də Perseidlər, Geminidlər və Leonidlər kimi meteor yağışlarını hər il təxminən eyni dövrlərdə müşahidə etmək mümkündür.
Bunu təsəvvür edəndə mənim ağlıma filmlərdəki kimi iki qalaktikanın toqquşması və iç-içə keçməsi gəlir. Əslində isə burada miqyas tamamilə fərqlidir. Yer öz orbitində hərəkət edərkən kometin arxasında qoyduğu nəhəng hissəcik axınının içindən keçir. Sanki kosmosda görünməz bir iz var və Yer hər il həmin izin içindən yenidən keçir. Bu zaman həmin axındakı çoxlu sayda hissəcik Yer atmosferinə daxil olur və ard-arda meteorlar yaranır. Gecə səmasında gördüyümüz meteor yağışı da məhz bu qarşılaşmanın nəticəsidir.
Perseidlər nədir?
Perseidlər də məhz belə meteor yağışlarından biridir və hər il müşahidə olunur. Perseid meteor yağışının mənbəyi 109P/Swift-Tuttle kometidir. Bu komet Günəş ətrafında hərəkət edərkən arxasında toz və kiçik qaya hissəciklərindən ibarət iz buraxır. Yer hər il bu izin içindən keçəndə həmin hissəciklərin bir hissəsi atmosferə daxil olur. Nəticədə avqust ayında gecə səmasında çoxlu sayda parlaq meteor görürük. Swift-Tuttle kometinin Günəş ətrafında bir dövr etməsi təxminən 133 il çəkir. Sonuncu dəfə Günəş sisteminin daxili hissəsindən 1992-ci ildə keçib. Amma kometin buraxdığı hissəciklər hələ də onun orbitində qalır. Yer isə hər il həmin izdən keçərək Perseid meteor yağışını yaradır. Perseidlər adətən iyulun ortalarından avqustun sonlarına qədər aktiv olur və ən çox göründüyü vaxtlar 12–13 avqust tarixlərinə düşür.
Mən də bu tip şeylərə obsessiyalı bir canlı olduğum üçün, təbii ki, buna extra bir məna yükləyirəm. Buna görə də bu ilki Perseid meteor yağışına, dostlarımla birlikdə baxmaq istədim. İçimdə elə bir hiss var ki, əgər onlarla birlikdə eyni anda o səmaya baxsam, kainatın hansısa bir yerindəki nəhəng kitabxananın milyardlarla rəfindən birində dayanan milyonlarla kitabdan birinin hansısa səhifəsində bu an əbədi olaraq həkk olunacaq. Bəlkə də şişirdirəm, amma səhv hiss etdiyimə qətiyyən inanmıram.
Bilirəm, indi hamınız Bakıdasınız və işıq çirklənməsinə görə o qədər də yaxşı görə bilmirsiniz. Amma mən sizin əvəzinizə də baxıram. Mənim gözüm sizin gözünüz. Amma belə çox istəsəniz, Google-a “Perseid meteor shower” yazıb, ekrana çıxan animasiya ilə kifayətlənə bilərsiniz. Pis fakirler.

İndi isə keçək daha maraqlı bir məqama. Niyə məhz Perseid? Bu adın özündə bir məna varmı?
Təbii ki, var.
Perseid adı Perseus bürcündən gəlir. Meteor yağışlarının adlandırılmasında əsas götürülən şey meteorların səmada haradan gəlirmiş kimi görünməsidir. Perseidlərə baxarkən meteorların trayektoriyalarını geriyə doğru təsəvvür etsək, onların sanki Perseus bürcündə yerləşən bir nöqtədən yayıldığını görərik. Bu nöqtəyə radiant deyilir.
Burada maraqlı olan odur ki, meteorlar əslində Perseus bürcündən gəlmir. Onların hamısı kometin orbitində qalan hissəciklərdir və Yer atmosferinə müxtəlif istiqamətlərdən daxil olurlar. Sadəcə bizim baxış bucağımızdan onların yolları bir nöqtədə birləşirmiş kimi görünür.
Bir az əvvəl danışdığımız o nəhəng hissəcik axını indi sanki göydə bir nöqtədən atəş kimi açılır.

Amma “Perseus” adı təkcə astronomik bir termin deyil. Bu adın arxasında min illərdir mövcud olan böyük bir mifoloji hekayə dayanır.
Perseus və Meduza
Qədim yunan mifologiyasına görə, Perseus Argos kralı Akrisiusun nəvəsi idi. Kral bir gün kahindən nəvəsinin gələcəkdə onun ölümünə səbəb olacağını eşidir. Bundan qorxan Akrisius öz qızı Danaeni insanlardan uzaq bir qüllədə saxlayır. Zeus isə Danaeyə aşiq imiş və buna görə də onun yanına getməyin bir yolunu axtarır. Mifə görə, Danaenin yanına qızıl yağışa çevrilərək gəlir. Sonradan isə onların Perseus adlı oğlu dünyaya gəlir.
Akrisius qızı və nəvəsini öldürməyə qıya bilmir. Lakin kəhanətdən də qorxmağa davam edir. Son çarə olaraq onları bir sandığa qoyaraq dənizə buraxır. Onlar möcüzə nəticəsində sağ qalır və başqa bir adaya çatırlar. Burada Perseus böyüyür və zaman keçdikcə güclü və cəsur bir gəncə çevrilir. Lakin onun hekayəsi burada bitmir, əslində əsas macəra bundan sonra gəlir. Adanın kralı Polydectes Danaeyə sahib olmaq istəyir, lakin Danae onun təkliflərini qəbul etmir. Kral bundan qəzəblənir və Perseusdan demək olar ki, mümkünsüz bir şey istəyir: Gorgon Meduzanın başını gətirmək.Lakin Meduza adi bir varlıq deyildi. Onun üzünə birbaşa baxan insan dərhal daşa çevrilirdi.
Perseus bu tapşırığı yerinə yetirmək üçün tanrılardan kömək istəyir. Athena ona parlaq bir qalxan verir və Meduzaya birbaşa baxmamağı, yalnız qalxandakı əksindən istifadə etməyi məsləhət görür. Hermes isə ona uçmağa imkan verən qanadlı səndəllər verir. Perseus nəhayət Meduzanın yanına çatır. O, birbaşa ona baxmadan qalxandakı əksindən istifadə edir və Meduzanın başını kəsir. Beləliklə, mifologiyada qəhrəmanlığın əsas simvoluna çevrilən Meduzanın başı da Perseusun səma hekayəsinin bir hissəsinə çevrilir.

Urania'nın Güzgüsü adlı bürc kartları toplusundan, Meduzanın başını tutan Perseus — London, 1825.
Perseus və Andromeda
Lakin Perseusun hekayəsi Meduzanın başı ilə də bitmir. Evə qayıdarkən Perseus dənizin ortasında qayaya zəncirlənmiş bir qız görür. Bu qız Andromeda idi. Andromeda Efiopiya kralı Cepheus və kraliça Cassiopeianın qızı idi. Mifə görə, Cassiopeia öz gözəlliyi ilə öyünərək dəniz tanrısı Poseydonu qəzəbləndirmişdi. Buna görə də şəhəri qorxunc dəniz canavarından xilas etmək üçün Andromeda qurban verilməli idi. Perseus isə onu xilas edir. O, dəniz canavarını məğlub edir və daha sonra Andromeda ilə evlənir.
Bu mifin personajları yalnız hekayələrdə qalmayıb. Perseus, Andromeda, Cassiopeia, Cepheus, Pegasus və Cetus — bunların hamısı birinci şəkildə olan bürclərdir və səmada bir-birinə yaxın yerləşirlər.
Onlar Perseusu qəhrəman kimi təsəvvür edirdilər. Meduzanı onun əlindəki trofey kimi görürdülər. Andromedanı isə səmada Perseusun yaxınlığında yerləşdirirdilər.
Min illər əvvəl insanlar arxasındakı elmi-həqiqətləri dərk etmədikləri hadisələrə öz hekayələrini verdilər. Bu gün biz meteorların niyə yarandığını bilirik. Bilirik ki, onların arxasında kometlər, orbitlər, hissəciklər, atmosfer və fizika qanunları dayanır.
Amma, məncə, bir şeyi bilmək onu daha az sehrli etmir. ~ she said :)


